14 Mayıs 2011 Cumartesi

Diffuz toksiki zob.Miksedema

Tireotoksikoz – qalxanabənzər vəzinin xəstəliyi olub qanda tireoid hormonlarının miqdarının artması ilə xarakterizə olunur. Bir çox hallarda buna səbəb diffuz toksiki zob (Bazedov-Qreyvs xəstəliyi) və qalxanabənzər vəzinin funksional avtonomiya xəstəliyidir (toksiki adenoma, çoxlu düyünlü toksiki zob). Bu xəstəliklər zamanı qalxanabənzər vəzidə çoxlu miqdarda tiroksin (T4) və triyodtironin (T3) hormonları əmələ gəlir ki, bu da zülal və lipid mübadiləsinin, ürək-damar və sinir sisteminin funksiyalarının pozulmasına gətirib çıxarır.

Tireotoksikozdan əziyyət çəkən xəstələrin əsas şikayətləri aşağıdakılardır:
  • Sinir sisteminin həssaslığının artması, yuxu pozulması, əsəbilik.
  • Ürək döyüntülərinin sayının artması.
  • Tərləmə, istilik hissi, yüksək temperatura qarşı dözümsüzlük.
  • Ətrafların və ya bütün bədənin titrəməsi.
  • Tezləşmiş stul və sidik ifrazı.
  • Proqressivləşən çəki azalması – arıqlama.
  • Zəiflik, tez yorulma.
  • Menstrual tsiklin pozulması.
Xəstənin müayinəsi zamanı sinus taxikardiyası, qulaqcıq səyriməsi, xırda tremor, isti, nəm dəri örtüyü, palmar eritema (əlin ovuc hissəsinin qızarması), onixoliz (dırnaqların zədələnməsi), qaşınma, övrə, diffuz alopesiya (saçların tökülməsi), əzələ zəifliyi əlamətləri aşkar edilə bilər. Həmçinin diffuz toksiki zobdan əziyyət çəkən xəstələr üçün gözün zədələnməsi – oftalmopatiya da xarakterikdir: gözdə quruluq və ağrı hissi, göz almalarının qabarması, hərəkətliliyinin zəifləməsi və s.

Yuxarıda göstərilən əlamətlərin bu və ya digər dərəcədə nəzərə çarpması xəstəliyin ağırlıq dərəcəsindən (yüngül, orta və ağır) asılı olaraq müxtəlif olur. Məsələn, yüngül forma zamanı çəki azalması az nəzərə çarpır, ürək vurğularının sayı dəqiqədə 100-ü keçmir, əsasən əsəbilik, yuxu pozğunluğu, emosional labillik kimi əlamətlər daha çox üstünlük təşkil edir. Ağır dərəcəli tireotoksikoz zamanı bir sıra orqanlarda: ürək, qaraciyər, sinir sistemində ciddi dəyişikliklər meydana çıxır, arterial təzyiq yüksəlir, ürək döyüntülərin sayı dəqiqədə 120 vurğunu keçir, əzələ zəifliyi müşahidə edilir, əmək qabiliyyəti xeyli azalır. Ağır dərəcəli tireotoksikoz qeyri-dəqiq müalicənin və ya heç müalicə almamanın nəticəsində inkişaf edir. Tireotoksikozun ən ciddi ağırlaşmalarından biri də tireotoksiki krizdir. Bu zaman xəstənin bədən temperaturu yüksəlir, xəstə oyanıq olur, diffuz qusma və diareyya nəticəsində orqanizmin susuzlaşması baş verir. Arterial təzyiq kəskin enir. Bütün bu əlamətlər komanın inkişafına qədər gətirib çıxara bilər. Qeyd etmək lazımdır ki, bu cür kriz orta ağırlıq dərəcəli tireotoksikoz zamanı da əmələ gələ bilər. Krizin əmələ gəlmə səbəblərindən biri öncədən heç bir hazırlıq aparılmadan tireotoksikozlu xəstələrin qalxanabənzər vəzisində əməliyyatın aparılmasıdır

Diaqnostika

Tireotoksikozun diaqnostikasında əsas müayinə metodu qanda qalxanabənzər vəzi hormonlarının miqdarının təyin olunmasıdır. Bu zaman qanda TSH-ın (hipofiz tərəfindən sintez olunan tireostimullaşdırıcı hormon) miqdarı kəskin azalır, tiroksin (T4) və triyodtironin (T3) hormonlarının miqdarı isə artır. Digər müayinələrin aparılmasında məqsəd isə tireotoksikozun əmələ gəlməsinə səbəb olan amili aşkar etməkdən ibarətdir. Əlavə olaraq digər laborator müayinələr, tireoid vəzinin USM-i, ssintoqrafiyası aparıla bilər.

Tireotoksikozun müalicəsi

Diffuz toksiki zob zamanı (Bazedov-Qreys xəstəliyi) aşağıdakı müalicə metodları tətbiq olunur: tireostatik preparatlar, yod radionuklidi təyin olunur, operativ müdaxilə aparılır. Tireostatik preparatlarla müalicəsinin ən başlıca çatışmazlığı aparılmış kurs terapiyadan sonra residivlərin əmələ gəlmə tezliyinin yüksək olmasıdır. Bundan əlavə bu cür müalicə uzun müddətli olur və bir çox hallarda xəstələr müalicəni tam olaraq yerinə yetirə bilmirlər. Qalxanabənzər vəzinin funksional avtonomiyasında isə medikamentoz müalicə qeyri effektiv olur. Radioaktiv yodla aparılan müalicəsindən sonra isə residivlər çox az rast gəlinir. Lakin bu gün Azərbaycanda bu metodun tətbiqi üçün tibbi müəssisələrdə kifayət qədər şərait yoxdur. Xəstələrin xaricə göndərilməsində də bir sıra problemlər var, belə ki, bu cür xəstələr kurs müalicədən sonra ən azı bir il müddətində müalicə aldığı həkimin nəzarəti altında olmalıdırlar. Yalnız uğurla aparılmış operativ müdaxilə yuxarıda göstərilən çatışmamazlıqdan azaddır.

Operativ müalicə

Diffuz toksiki zob zamanı əksər hallarda qalxanabənzər vəzinin subtotal rezeksiyası əməliyyatı aparılır, belə ki, vəzinin qalxanabənzər ətraf vəzilər hissəsində 2–4 qram saxlanılır. Çoxlu düyünlü zob, toksiki adenomalar zamanı vəzinin yarı hissəsi rezeksiya olunur. Bəzi hallarda çoxlu düyünlü zob zamanı vəzinin tam olaraq çıxarılması əməliyyatı da aparıla bilər. Xəstəliyin maliqnizasiyasına şübhə olduqda (bədxassəli şiş) vəzi regionar limfatik düyünlərlə birlikdə xaric edilir. Standart halda əməliyyat adətən 90 dəq. müddətində davam edir. Son illər kosmetik nöqteyi-nəzərdən əməliyyat nahiyəsinin daha az bilinməsi üçün ultraqısa kəsiklərdən istifadə olunur. N.Tusi adına klinikada yaşından və cinsindən asılı olmayaraq bütün xəstələrdə əməliyyat nahiyəsinə müdaxilə ölçüsü 2 sm-ə qədər olan kosmetik ultraqısa kəsiklər vasitəsilə aparılır. Əməliyyatdan artıq 1 ay sonra yara yeri demək olar ki, heç bilinmir.

Klinikamızda son bir ildə planlı əməliyyatlardan əlavə 3 nəfər tireotoksiki krizlə müraciət etmiş xəstələr çox uğurla əməliyyat olunmuşlar.

Adətən əməliyyata hazırlıq müddəti 1 neçə saatdan 1 neçə həftəyə qədər davam edə bilər. Bu müddət qalxanabənzər vəzinin funksional vəziyyətindən, xəstənin yaşından və yanaşı xəstəliklərindən asılı olaraq dəyişir. Əməliyyata hazırlıq dövründə xəstə daha dəqiq müayinə olunur, qanda hormonların miqdarı təyin olunur, tireoid vəzinin USM-i , boyun nahiyəsinin 3D rekonstruksiyalı maqnit- rezonans tomoqrafiyası aparılır. Bəzi hallarda diaqnozu daha da dəqiqləşdirmək üçün ssintoqrafik müayinə metotundan istifadə edilir. Tireotoksikoz zamanı əməliyyatdan öncə 3–6 həftə müddətində xüsusi medikamentoz terapiya aparılır.

Dəqiq və ətraflı müayinənin aparılması, xəstələrin əməliyyat öncəki hazırlığının yüksək səviyyədə həyata keçirilməsi sayəsində əməliyyatdan sonrakı müddətdə pasiyentlər 1 sutka ərzində stasionarda yatırlar. Bu müddət ərzində xəstə həkim nəzarəti altında olur. Stasionarın bir nəfərlik komfortlu palataları sputnik TV-yə, telefona və süni iqlim sisteminə malikdir. Əməliyyat olunmuş xəstələr 1 il müddətində həkim nəzarətində olub, vaxtaşırı profilaktik müayinələr və müalicələr aparılır. Bütün bunların nəticəsində residiv riski minimuma enir.